ESTONİYA SİYASƏTÇİLƏRİ MƏHƏMMƏD PEYĞƏMBƏRƏ KARİKATURALAR DƏRC OLUNMASINI PİSLƏYİRLƏR
Komissiyanın üzvü Tiyt Matsuleviç demişdir: “Biz bundan yenicə xəbər tutmuşuq. Ona görə də hələ ümumi rəy hazırlamamışıq. Buna baxmayaraq, öz şəxsi fikrimi bildirmək istərdim – bu karikaturaların dərc edilməsi mümkün nəticələrinə görə ciddi narahatlıq doğuracaqdır”. Matsuleviç Estoniyanın xarici işlər naziri Urmas Paetin belə bir fikri ilə razı olduğunu bildirmişdir ki, söz azadlığı məsuliyyəti istisna etmir. O xatırlatmışdır ki, Estoniya sülhməramlıları İraqda və Əfqanıstanda öz vəzifələrini yerinə yetirirlər. Matsuleviç demişdir: “Bu cür hadisələr dövlət müdafiəsi üzrə parlament komissiyasının səlahiyyətinə daxildir, buna görə də qalmaqallı karikaturaların dərc olunması komissiyanın yaxın iclaslarından birində müzakirə ediləcəkdir”.
Parlamentin Estoniya-Türkiyə və Estoniya-Azərbaycan qruplarının sədri Eldar Əfəndiyev karikaturaların dərci faktını “fitnəkarlıq” və “ara vurmaq” adlandırmışdır. Lakin o hesab etmir ki, bunun Estoniya üçün çox ciddi nəticələri olacaqdır. Çünki Estoniyanın müsəlman ölkələri ilə münasibətləri müsbət məcrada inkişaf edir və karikaturaların dərci bu meyillərə xələl gətirə bilməz.
Əfəndiyev demişdir ki, Estoniyanın müsəlman icması buna öz münasibətini mütləq bildirəcəkdir. O xatırlatmışdır ki, bu cür fitnəkarlıq artıq fevralda da olmuşdu. Onda bu rüsvayçı karikaturalar internetdə verilmişdi. Lakin cəmiyyət adekvat münasibət göstərdi və şəkillər oradan çıxarıldı. Deputat əmin etmişdir ki, lazım gəlsə, rəsmi Estoniyanın mövqeyi Azərbaycan və Türkiyə parlamentlərinə çatdırılacaqdır.
Parlamentin Estoniya-Küveyt qrupunun üzvü Toomas Alatalu həmkarlarının narahatlığına şərikdir. Bunu o da fitnəkarlıq adlandırmışdır. Alatalu əmin olduğunu bildirmişdir ki, qalmaqalçı redaktorun əməlləri Estoniyanın İraq və Əfqanıstandakı sülhməramlılarına təsir göstərməyəcəkdir. Lakin o, bir məsələ ilə əlaqədar narahatlığını gizlətməmişdir. Məsələ bundadır ki, fevralın 23-də Şarca beynəlxalq hava limanında sərxoşluq üstündə həbsə alınan estoniyalı sülhməramlı Andrey Korolun hazırda Birləşmiş Ərəb Əmirliklərinin məhkəməsində taleyi həll edilir. Əfqanıstana ezamiyyətdən qayıdan hərbi qulluqçunu 80 şallaq cəza gözləyir.