Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna daxilolmalar artmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarının ətraf mühitin mühafizəsi istiqamətində prinsipial və sərt mövqe nümayiş etdirməsi, qanun pozucularına qarşı qanuna müvafiq tədbirlər görməsi nəticəsində ətraf mühitin qorunması işi xeyli yaxşılaşmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, 2003-cü ildən indiyədək ETSN-in ətraf mühitin mühafizəsini həyata keçirən qurumlarının əməkdaşları tərəfindən tərtib edilən akt və protokolların, o cümlədən inzibati qaydada cərimələrin və təbiətə vurulan ziyanların sayını göstərən statistika bunu təsdiqlənmişdir.
Əgər 2003-cü ildə ölkə üzrə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozucularına qarşı ümumilikdə 1697 akt və protokol tərtib olunmuş, cərimələrin ödənilməsi məqsədi ilə 21 iş məhkəmə orqanlarına göndərilmişdirsə, 2010-cu ildə isə müvafiq olaraq 3034 akt və protokol tərtib edilmiş, 566 iş məhkəmə orqanlarına göndərilmişdir.
Nazirlik tərəfindən ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, ekoloji qanun pozucularına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi nəticəsində 2012-ci ildə 3382 akt və protokol tərtib edilmiş, 716 iş məhkəmə orqanlarına göndərilmiş, 2013-cü ilin iki ayı ərzində isə 578 akt və protokol tərtib edilmiş, 78 iş məhkəmə orqanlarına göndərilmişdir.