“Ettihad” qəzeti Azərbaycanın Şeyx Zayed İrsi Festivalında iştirakından yazıb
Əbu-Dabi, 25 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin rəsmi dövlət qəzetində ”Ettihad”da Mahmud İsmayıl Badrın müəllifi olduğu “Şeyx Zayed İrsi Festivalında Azərbaycan pavilyonu. Odlar yurduna səyahət” sərlövhəli yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, Əbu-Dabi şəhərində keçirilən Şeyx Zayed İrsi Festivalında ölkəmizin iştirakına həsr edilmiş məqalədə Azərbaycan pavilyonunda nümayiş etdirilən milli adət-ənənələrmiz, müxtəlif yaş təbəqələrinə aid kişi və qadın milli geyimlərimiz, onların xüsusiyyətləri, istifadə olunan naxışlar, eyni zamanda sərt qışı ilə seçilən Xınalıq kəndindən gətirilmiş yun paltarlar və şallar haqqında məlumat verilir.
Pavilyonun xalça guşəsindən yazan jurnalist burada Azərbaycanın xalça muzeyində saxlanılan xalçaların prototiplərinin yer aldığını qeyd edir, muzey barəsində məlumatlar verir. Bildirilir ki, 1967-ci ildə yaradılmış muzeydə Azərbaycanın bütün bölgələrindən qədim və yeni toxunmuş xalçalar, zinət əşyaları olmaqla ümumilikdə 14 min eksponat saxlanılır.
Yazıda "Zakheer" turizm şirkətinin satış üzrə meneceri Həmid Kərimova istinadən bildirilir ki, Azərbaycan Körfəz ölkələrindən olan turistlər üçün ən sevilən məkanlardan biridir. Ölkəmizdə ərəb turistlərinə turizmin hər fəslə uyğun bütün növləri təqdim edilir. Azərbaycan dövləti tərəfindən yeni yaradılmış müxtəlif sanatoriyalar, müalicə müəssisələri barədə məlumatlar verilib, Naftalan və Duzdağ müalicə mərkəzləri xüsusi qeyd olunub. Dini abidələrin turistlər üçün cəlbedici olduğunu qeyd edərək, Bibiheybət məscidinin qədim tarixi barəsində bəhs edilir. Müəllif Azərbaycana səfər edən turistlərin ölkəmizin tarixi ilə maraqlandığını, Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilən azərbaycanlıların ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban verdiyini bildirir.
Məqalədə pavilyonda Azərbaycan çayı guşəsinin Fuad Mahayev tərəfindən təqdim edildiyi vurğulanır. Çayın Azərbaycanın cənub regionunda, əsasən Lənkəran və Astara rayonlarında bitdiyi, bu ərazinin əvəzolunmaz təbiəti, flora və faunası, ləziz mətbəxinin olduğu qeyd edilir.
Pavilyonda fındıq, badam və digər quru meyvələrin də yer aldığı qeyd olunur, bu məhsulların insan orqanizmi üçün faydalarından bəhs edilir. Eyni zamanda, Azərbaycan şirniyyatları, paxlava, halva, şəkərbura, badambura barədə məlumat verilir.
Azərbaycanın zəngin mədəni irsini qeyd edən yazar Şirvanşahlar Sarayı, Diri Baba mavzoleyi, Cümə məscidi və digər tarixi abidələri qeyd edib.
Məqalənin sonunda Azərbaycanın paytaxtı yaxınlığında yerləşən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan yazaraq, bu təbiət abidəsinin Odlar Yurdu adlanan Azərbaycanın simvollarından biri olduğu vurğulanır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi