DÜNYA
EVLƏRDƏ BAŞ VERƏN BƏDBƏXT HADİSƏLƏRDƏN FRANSADA HƏR İL ON MİNLƏRLƏ ADAM HƏLAK OLUR
AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, evlərdə baş verən bədbəxt hadisələr nəticəsində Fransada hər il 18 mindən artıq insan dünyasını dəyişir. Onlardan 9556-sı pilləkəndən, vannadan və yaxud kətildən yıxılmaqdan, 3308-ı nəfəs kəsilməsindən, 566-sı suda boğulmaqdan, 542-si zəhərlənmədən, 429-u yanğından, 3782-si isə digər bədbəxt hadisələrdən həlak olur. Hər gün bu və ya digər hadisədən 52 nəfər ölür.
Uşaqlar arasında ölüm halları ümumi rəqəmin 12-15 faizini təşkil edir. Hər il 370 kiçik yaşlı uşaq bədbəxt hadisələrin qurbanı olur. Valideynlərinin müəyyən vaxt ərzində evdə tək qoyduqları uşaqlar da pilləkənlərdən yıxılmaqla, yaxud da valideynlərin unudaraq açıq yerdə qoyduqları zəhərli maddələri içməklə ölur, ya da oyuncaq kimi istifadə etmək istədikləri qayçı, bıçaqla özlərinə xəsarət yetirirlər.