“Fairmont Baku” mehmanxanasının kollektivi “Yaşıllıq Proqramı” çərçivəsində ağacəkmə aksiyası keçirmişdir
Bakı, 15 aprel (AZƏRTAC). Alov Qüllələri Kompleksinin bir hissəsi və Azərbaycanın dəbdəbəli mehmanxanalarından olan “Fairmont Baku” otelinin kollektivi Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 6 nömrəli internat məktəbinin həyətində ağacəkmə aksiyası keçirmişdir.
“Fairmont Baku”dan AZƏRTAC-a bildirmişlər ki, aksiyada mehmanxananın 40-dan artıq əməkdaşı 50-yə yaxın ağac əkmişdir.
Aksiyanın əsas məqsədi şəhərimizin yaşıllığını artırmaq, internat məktəbinin ərazisini abadlaşdırmaq və gələcəkdə internat məktəbində yaşayan və təhsil alan uşaqlar üçün meyvə ağaclarının sayını artırmaqdır.
Həmçinin, aksiya çərçivəsində uşaqlar üçün ətraf mühitə qayğının yolları barədə maarifləndirici təqdimat keçirilmiş, onlara ətraf mühitin mühafizəsinin vacibliyi haqqında məlumat verilmiş, təbiəti qorunmaları tövsiyə edilmişdir.
Mehmanxananın baş meneceri Adrian Ellis demişdir: “Fairmont Baku” yarandığı gündən “Korporativ Sosial Məsuliyyət” siyasəti çərçivəsində bir sıra məsələləri prioritet vəzifə kimi qarşısına qoymuşdur. Qeyd olunan kampaniya da mehmanxananın yaşıllıq proqramına aiddir. Əsas məqsəd ətrafımızdakı yaşıllıq sahələrini artırmaq, gələcək nəsillərimizə bu sahədə örnək olmaqdır. Odur ki, biz “Fairmont Baku” oteli olaraq gələcəkdə də bu sahədə öz səylərimizi davam etdirəcəyik”.
Aksiya başa çatdıqdan sonra tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilmiş və “Fairmont Baku” mehmanxanası internat məktəbinin müdiriyyəti tərəfindən təşəkkür məktubu ilə mükafatlandırılmışdır.
“Fairmont Baku” oteli Bakıda inşa edilən Alov Qüllələrinin bir hissəsidir və dünya üzrə məşhur mehmanxana brendi olan “Fairmont Raffles Hotels International” şirkətinin genişlənməkdə olan şəbəkəsinin tərkib hissəsidir. Mehmanxana 2013-cü ilin ikinci yarısında fəaliyyətə başlayacaqdır.