FAO-nun proqramı çərçivəsində Cənubi Afrika sahillərində yeni meduza növləri aşkarlanıb
Bakı, 4 noyabr, AZƏRTAC
Meduzalar artıq 500 milyon il ərzində mövcud olsalar da, indiyədək onlar haqqında çox az şey məlumdur.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi “EPR-Nansen” proqramı çərçivəsində Afrikanın cənub sahillərində bir neçə yeni meduza növü aşkar edilib.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, bu kəşf elm sahəsində böyük nailiyyət hesab olunur. Bu yaxınlarda aparılan tədqiqatların ilk nəticələri “Aurelia” (yaxud Ay meduzası) adlı yeni, həmçinin “Chrysaora” (kompas meduzası) adlanan növləri, habelə qutu və ya kubmeduzasının iki növünü aşkar etməyə imkan verib. Sonunculardan biri “Chironex” sinfinə aiddir.
Qutu meduzası ən zəhərli dəniz canlılarından biridir, Avstraliyanın şimal-şərqində olan “Chironex fleckeri” meduzasının sancması isə nəfəs yollarının funksiyasının pozulmasına və ürəyin bir neçə dəqiqə ərzində dayanması nəticəsində ölümə səbəb ola bilər.
Növlərin dəqiq eyniləşdirilməsi dəniz ekosisteminin yox olan biomüxtəlifliyinin mühafizəsi baxımından çox əhəmiyyətlidir. Amma bəzi sahilyanı ölkələr, xüsusən Afrika və Asiya dövlətləri biomüxtəlifliyin və ekosistemin vəziyyətinin effektiv monitorinqi üçün yetərincə insan və maliyyə resurslarına malik deyil.
FAO-nun balıqçılıq və biomüxtəliflik üzrə mütəxəssisi Edoardo Mostarda bununla bağlı bildirir: “Cənubi Afrikada bir neçə tədqiqat istisna olmaqla, həmin regionda mühüm taksonomik qruplar və meduzalar haqqında təsəvvürlərin genişləndirilməsi üzrə demək olar ki, iş aparılmayıb. Bu səbəbdən yeni meduza növlərinin kəşfi böyük əhəmiyyətə malikdir, çünki bu, Afrika sahillərində meduzaların və digər taksonomik qrupların müxtəlifliyi barədə hələ də çox az biliklərə sahib olduğumuzu göstərir”.
Meduzalar okean ekosistemlərində də mühüm rola malikdirlər. Onlar həm yırtıcı, həm ov, həm də potensial resurslardır. Meduzanın bütün növlərində farmasevtika və ya bərpaedici cərrahiyyə məqsədləri üçün istifadə olunan kollagen var. Onun qabığında olan polisaxaridlər yaraların sağalmasında istifadə oluna bilər, zəhərləri isə xərçəng əleyhinə potensial preparatlar kimi tədqiq edilir.
Bundan başqa, meduzanın bəzi növləri yeməlidir. Onların tərkibində çoxlu miqdarda zülal və az karbohidrat var. Bu meduzalar uzun əsrlər boyu Asiya-Sakit okean regionunda qida mənbəyi kimi istifadə edilib.