Faşizm üzərində tarixi Qələbədə Azərbaycan xalqının böyük xidmətləri olub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 73-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, alay komandiri, polis general-mayoru Zaur Abdullayev insanların ölümünə, bəşəri maddi-mədəni irsin dağıdılmasına, şəhərlərin və kəndlərin yerlə-yeksan edilməsinə, böyük iqtisadi və mənəvi tənəzzülə səbəb olan müharibədə Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidmətlərini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, məhz bu xidmətlərə görə Ümummilli Liderin ali siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə dövlət bayramları sırasına daxil edilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev də müharibə veteranlarına diqqət və qayğısını əsirgəmir.
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, müharibə veteranları Hikmət Mahmudov və Daməd Nəbiyev çıxış edərək azərbaycanlı döyüşçülərin müharibədə göstərdikləri qəhrəmanlıqlardan, sərkərdəlik məharətindən, ən çətin tapşırıqları belə canı-qanı bahasına yerinə yetirmələrindən, partizan dəstələrində döyüşən soydaşlarımızın xatirələrinin bu gün də xarici dövlətlərdə ehtiramla yad edildiyindən danışıblar. Göstərdikləri şücaətə görə həmvətənlərimizdən 130 nəfərinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldükləri, minlərlə döyüşçümüzün yüksək orden və medallarla təltif olunduqları diqqətə çatdırılıb.
Tədbirin sonunda sənədli film nümayiş etdirilib.