REGİONLAR
“Fauna” MMC bazara keyfiyyətli və ekoloji təmiz tərəvəz məhsulu çıxarır [REPORTAJ] VİDEO
Şəki, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
İş adamları ölkəmizdə sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi nəticəsində yaradılan əlverişli şəraitdən maksimum yararlanmağa can atırlar. Xüsusən regionlarda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri, emal müəssisələri yaradılır.
AZƏRTAC xəbər verir ki, belə təsərrüfatlardan biri də Şəki rayonunda fəaliyyət göstərən “Fauna” Məhdud Məsuliyyətli Cəmiyyətin müasir istixana kompleksidir. Yerli sahibkar Alim Əhmədov tərəfindən qurulan təsərrüfat iki il əvvəl fəaliyyətə başlayıb. Ümumi ərazisi 6 hektar olan kompleksin 2,5 hektarında istixana təsərrüfatı yaradılıb. İstixananın illik istehsal gücü 850 tondur və burada yüksək standartlara cavab verən pomidor sortları yetişdirilir.
Kompleksin tərkibinə xüsusi konstruksiya əsasında qurulan müasir istixana, qazanxana, 180 tonluq su anbarı, inzibati bina, yeməkxana, anbar və yardımçı tikililər daxildir. Kompleksdə Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur.
Təsərrüfatın rəhbəri Alim Əhmədovun bildirdiyinə görə, istixananın əkin texnologiyasında ən son holland üsulu tətbiq edilir. Məhsul kokopit substraktından istifadə olunmaqla, tam torpaqsız mühitdə yetişdirilir. Təbii və orqanik mənşəli bu substrakt kokos qabığından hazırlanır. Minerallarla zəngin kokos qabığı və bitkinin yetişdiyi torpaq Şri-Lankadan paketlənmiş formada gətirilir. Məhsulun becərilməsində heç bir gübrədən, kimyəvi qatqıdan istifadə olunmur, bitkiyə yalnız minerallar verilir.
Sahibkarın dediyinə görə, pomidorun yetişdirilməsində müasir texnologiyaların tətbiq olunması yüksək məhsuldarlığa və istehlakçıların ilboyu ekoloji təmiz məhsulla təmin edilməsinə imkan yaradır. Burada yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur.
İstixanada 10 nəfər daimi, 30 nəfərə yaxın mövsümi işçi çalışır. Alim Əhmədov istixananı genişləndirmək, iş yerlərinin sayını artırmaq niyyətindədir. Bunun üçün isə xeyli vəsait tələb olunur. Odur ki, sahibkar güzəştli kredit almaq məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edib.
Alim Əhmədov AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevin Sərəncamı ilə “Sahibkarlar Günü” təsis edilməsini sahibkarlığın inkişafına göstərilən yüksək diqqət kimi dəyərləndirib və sahibkarlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.