“Fəhlə əlləri” parkı yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib
Bakı, 30 dekabr, AZƏRTAC
Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə olunması ilə müşayiət edilir. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların isə yenidən qurulması diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində dekabrın 30-da Səbail rayonu, 20-ci yaşayış sahəsi, Arif İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov jurnalistlərə açıqlamasında parkın salınma tarixi barədə məlumat verib. O bildirib ki, 1978-ci ildə neftçilərin və bütövlükdə Bakı əhalisinin istifadəsinə verilən "Fəhlə əlləri" parkının özəlliyi ondadır ki, bu park ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. Parkda Azərbaycan neftçilərinin şərəfinə ucaldılan möhtəşəm abidənin müəllifləri Sirus Mirzəzadə, Rəşid Heydərzadə, Arif Ələsgərov və Elxan Tahirovdur.
V.Şıxəmmədov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda abadlıq və quruculuq işlərinin davam etdiyini də vurğulayıb.
Qeyd edilib ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə cari ilin əvvəlindən başlanılıb, layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılaraq landşaft dizaynı yenilənib və 2800 kvadratmetr ərazidə geniş abadlıq işləri həyata keçirilib. Burada 10 metr hündürlüyündə “Fəhlə əlləri” abidəsi rəssamlar tərəfindən yenilənərək bərpa olunub. Eyni zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq parkda onlar üçün xüsusi guşələr yaradılıb. Əhalinin istirahəti üçün ümumi sahəsi 115 kvadratmetr olan bir söhbətgah quraşdırılıb və yeni oturacaqlar qoyulub. Uşaq meydançaları salınaraq uşaq əyləncə və idman qurğuları quraşdırılıb. Parkda 1250 kvadratmetr ərazidə yaşıllıqlar salınıb, o cümlədən 145 ədəd müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilib və müasir işıqlandırma sistemi ilə təchiz edilib. Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən “Fəhlə əlləri” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. 20-ci sahədə yaşayan sakinlər bu parkdan hər mövsümdə yararlanacaqlar.
İcra hakimiyyəti başçısının müavini sakinlərin sosial təcrid qaydalarına riayət etməsinin vacibliyini də bildirib: “Sakinlərimiz tibbi maskadan istifadə edərək ara məsafəsini qoruyaraq parkda istirahət edə bilərlər”.