Fəhlənin iş zamanı xəsarət alması ilə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb
Bakı, 12 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsində fəhlə işləyən Allahverdi İmanovun iyulun 13-də iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Füzuli Rayon Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istintaqla həmin müəssisədə elektrik mexaniki işləyən Əhliman Səfərovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs kimi vəzifəsinin icrasına lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən fəhlə Allahverdi İmanovun işıqforun şüşəsini təmizləyərkən 7 metr hündürlükdən yerə yıxıldığı və nəticədə ağır dərəcəli bədən xəsarəti aldığı müəyyən olunub.
Əhliman Səfərov Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.