Fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir.
KİVDF-dən AZƏRTAC-a bildirilmişdir ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdır.
Müsabiqənin mövzuları “Azərbaycanda sosial şəbəkələrin müasir inkişaf tendensiyaları”, “İKT-nin inkişafında start-up layihələrinin yeri və rolu”, “Azərbaycan virtual məkanda”, “İnternetdə və informasiya cəmiyyətində insan hüquqları”, “Mobil nömrə daşınmasının istifadəçi hüquqlarının qorunmasında rolu: gözləntilər və üstünlüklər”dir.
Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır (Elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir). Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Yazıda “RİTN və KİVDF ilə birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. Məqalənin dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində - 12, diskdə) variantlarında verilməlidir. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.
Məqalələr dekabrın 18-dək KİVDF-yə təqdim edilməlidir.
Qaliblər pul və diplomlarla mükafatlandırılacaqlar.