FƏRƏH RƏSULOVA UNİVERSAL DÖYÜŞ ÜZRƏ DÜNYA BİRİNCİLİYİNİN 4 MEDALINA SAHİB ÇIXMIŞDIR
Bakı, 10 oktyabr (AZƏRTAC). Anapada 14-15, 16-17 yaşlı idmançılar arasında universal döyüş üzrə keçirilən dünya birinciliyinə yekun vurulmuşdur. Yarışda ölkəmizi yığma komandanın baş məşqçisi Fərhad Ocaqverdiyevin rəhbərliyi ilə 9 idmançı təmsil etmişdir. Yığma üzvlərindən Orxan Qasımov (65 kq) və Avropa birinciliyinin qalibi Nicat Əliyev (70 kq) klassik və layt versiya üzrə keçirilən mübarizədə bütün rəqiblərini üstələyərək qızıl medallar qazanmışlar. Avropa çempionatının mükafatçısı Sərxan Əfəndiyev (60 kq) və Xan Məmmədov (85 kq) hər iki versiya üzrə gümüş medallara yiyələnmişlər.
Daha iki gümüş medalı isə komandamıza layt versiyası üzrə Emin Məmmədov (50 kq) və 2009-cu il Avropa birinciliyinin qalibi Kənan Qafarlı (85 kq) qazandırmışlar. Klassik versiya üzrə yarışlarda qüvvələrini sınayan idmançılar bu növdə bürünc medallara sahib çıxmışlar. Bürünclərin sahibləri Fərid Sahibzadə və Nazir Kərimov (hər ikisi 60 kq) olmuşlar.
63 kq çəki dərəcəsində qüvvəsini sınayan yeganə xanım döyüşçümüz, ötən il dünya birinciliyinin qalibi adını qazanmış Fərəh Rəsulova çempionatda 4 medala sahib çıxmışdır. Klassik versiya üzrə yarışlarda qalib adını qazansa da, layt versiyası üzrə yarışlarda çempionluğun bir addımlığında büdrəmişdir. İdmançımız 3 və 5 metr məsafədən bıçaqatma yarışlarında isə iki bürünc mükafata yiyələnmişdir.
38 ölkənini iştirakı ilə keçirilən yarışlarda komandamız ümumi hesabda ikinci olmuşdur. Rusiya və Ukrayna yığmaları müvafiq olaraq birinci və üçüncü pillələrdə qərarlaşmışlar. Dünya birinciliyində 20 ölkədən 200-ə yaxın idmançı mübarizə aparmışdır.
Xatırladaq ki, ötən il Rusiyanın Medın şəhərində keçirilən analoji yarışda universal döyüşçülərimiz 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanmışlar.