FHN-in xilasediciləri ekstremal şəraitlərdə bacarıqlarını təkmilləşdiriblər
Bakı, 1 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Subasma zamanı təhlükəli vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi” mövzusunda gecə təlimi keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim regional mərkəzin xilasedicilərinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı mümkün subasmalar zamanı çevik reaksiya vərdişlərinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil edilib.
Təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi xilasetmə vasitələri ilə şərti subasma nəticəsində “təhlükəli vəziyyətdə qalmış zərərçəkmişləri xilas edərək” təxliyəsini həyata keçiriblər.
Uğurla yerinə yetirilmiş təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.