FHN işçilərinin həmkarlar ittifaqının illik hesabatı keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin akt zalında FHN işçilərinin həmkarlar ittifaqının hesabatı keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirlik işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov, nazirliyin Aparatında, regional mərkəzlərində və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
FHN işçiləri həmkarlar ittifaqının sədri Mehman İsmayılov 2018-ci ildə görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, İttifaqın təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib, nazirliyin əməkdaşlarının mədəni istirahəti və asudə vaxtlarını mənalı keçirməsi istiqamətində işlər görülüb. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, həmçinin Novruz bayramında şənliklər təşkil edilib. Bundan başqa, 2 fevral- Azərbaycan Gəncləri Günü, 8 mart - Beynəlxalq Qadınlar Günü və digər əlamətdar günlərdə, eləcə də peşə bayramlarında, eyni zamanda, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş əməkdaşlar Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Diqqətə çatdırılıb ki, FHN işçilərinin həmkarlar ittifaqı “Gənc xilasedici” VII beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” VI ümumrespublika birinciliyinin, “Fövqəladə hallar uşaqların gözü ilə” VIII respublika yaradıcılıq müsabiqəsinin təşkilində yaxından iştirak edib. İttifaq nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək verib, maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərib.
Bildirilib ki, 31 Mart soyqırımının 100 illiyi ilə əlaqədar Qubada “Azərbaycanlıların soyqırımı - 100 il”, ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə Ağdamda “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ”, Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi praktiki konfranslar təşkil edilib.
Vurğulanıb ki, İttifaq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyini və Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsini nəzərə alaraq, Naxçıvanda Ulu Öndərin həm yeniyetməlik, həm də Naxçıvanda fəaliyyət göstərdiyi illərdə xatirə məkanına çevrilmiş yerlərə və muxtar respublikadakı mədəni-tarixi abidələrə və görməli yerlərə ekskursiya təşkil edib.
M.İsmayılov deyib ki, İttifaqın fəaliyyətində əvvəlki illərdə olduğu kimi, bu ildə də əsgərlərlə görüş prioritet vəzifələrdən biri olub. İl ərzində Mülki Müdafiə Qoşunlarının beş hərbi hissəsində əsgərlərlə görüş keçirilib. Hər bir tədbirdə əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri verilib. Həmçinin FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində və Sumqayıt Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər keçirilib.
Sonda cari məsələlər müzakirə olunub və ittifaqın cari il üçün tədbirlər planı təsdiqlənib.