FHN: İşğaldan azad olunmuş ərazilərdəki yanğından mühafizə bölmələrinin fəaliyyəti nəzarətə götürülüb
Bakı, 20 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrin icrasına dair xidməti müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Xidmət rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov və xidmətin ərazi yanğından mühafizə hissələrinin məsul şəxsləri iştirak edib.
Müşavirədə çıxış edən Füzuli Əsədov ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Xidmət rəisi çıxışında, həmçinin baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsinin, hadisəyə çevik reaksiyavermənin, yanğın hadisələrinin operativ söndürülməsinin təşkilinin, şəxsi heyətin peşə hazırlığının daim yüksək səviyyədə saxlanılmasının vacibliyini qeyd edib.
Füzuli Əsədov bildirib ki, Vətən müharibəsindən ötən müddət ərzində respublikanın digər bölgələri ilə yanaşı işğaldan azad olunmuş şəhər və rayonlarda yaradılmış yanğından mühafizə bölmələrinin fəaliyyəti və ərazilərin yanğına qarşı əməliyyat şəraiti gündəlik nəzarətə götürülərək, baş vermiş yanğın hadisələrinin operativ sürətdə qarşısının alınması üçün müvafiq təxirəsalınmaz əməliyyat tədbirləri görülür.
Müşavirədə cari ildə xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında geniş müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib.