FHN paytaxtın iki rayonunda qanunsuz tikintilərin qarşısını alıb
Bakı, 23 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə, paytaxtın Suraxanı rayonunun Suraxanı-Hövsan yolunun 4-cü kilometrliyində və Xətai rayonunun General Şıxlinski küçəsi 100 ünvanında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkarlanıb.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işçilərinin qarşısı alınıb və obyektlər sökülüb.