Firdovsi Əliyev: quraşdırılan suvarma sistemləri əkilən ağacların bitiş göstəricilərini 100 faiz edəcək
Bakı, 11 aprel, AZƏRTAC
“Bizim hədəfimiz il ərzində 3 milyon ağacın əkilməsidir. Yaşıl koridor yaratmaq niyyəti ilə keçirilən silsilə tədbirlərimiz davam edir. Bu gün Müşfiqabad qəsəbəsindəyik. Hazırda yaşıllaşdırma işlərinin görüldüyü ərazilər öncələr istifadəyə yararsız, quraq torpaqlar olmuşdur. Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə qurumları -Azərbaycan Banklar, Azərbaycan Sığortaçılar, Azərbaycan Mikromaliyyə, Azərbaycan Fintex, Azərbaycan Fond Bazarı İştirakçılarının assosiasiyalarının rəhbərliyi və kollektivi də bizimlə birlikdə “Yaşıl Marafon” kampaniyasına qoşulublar. Onlara bu işdə bizə dəstək olduqları üçün öz təşəkkürümü bildirirəm”.
Bunu AZƏRTAC-a müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Nazir müavini bildirib ki, ağacəkmə əsas şərt deyil: “Yaşıl Marafon 2022” kampaniyasında əsas niyyətimiz ağacları əkməklə yanaşı, həm də onlara qulluq etməkdir. Yaşıllaşdırılan ərazilərdə suvarma sistemləri yaradılıb. Bu səbəbdən əkilən ağacların bitiş göstəricisi 100 faiz olacaq”.