“Fiziki aktivlik və sağlam qidalanma” mövzusunda maarifləndirici tədbirdə sağlam həyat tərzi təbliğ olunub
Bakı, 7 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı ilə Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində sağlam həyat tərzi, fiziki aktivlik mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin direktoru Rəhilə Həsrətova fiziki aktivlik mövzunda keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, sağlam qidalanma və fiziki aktiv həyat tərzinin gənc nəslin inkişafında vacib rol oynadığını deyib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov fiziki aktivliyin təbliğinin, bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağın vacibliyini vurğulayıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Gülnarə Cəfərova qeyri-sağlam qidalanmanın artıq çəkinin artmasına səbəb olduğunu və qeyri-infeksion xəstəliklərin yaranmasına təkan verdiyini bildirərək qeyd edib ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır. O, həmçinin sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin, gün ərzində televiziya və kompüter qarşısında keçirilən vaxtı 2 saatadək azaltmağın əhəmiyyətini nəzərə çatdırıb.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sağlam həyat tərzinə dair faydalı tövsiyələr verilib.