Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib
Bakı, 23 may, AZƏRTAC
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, mayın 23-də Fövqəladə Hallar Nazirliyi (FHN) yanında yeni İctimai şuraya seçki keçirilib.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə fövqəladə hallar nazirinin müavini, nazirlik yanında yeni İctimai şuranın seçki komissiyasının sədri Tapdıq Əmiraslanov iştirak edib.
Qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 14 nəfərin namizədliyi təsdiq edilib. Seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 110 nəfər təmsilçidən 68-i iştirak edib.
Şəffaf şəkildə keçirilmiş seçkinin yekunu olaraq Fövqəladə Hallar Nazirliyi yanında yeni İctimai şura formalaşıb.