Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilir
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai Şuraya seçkilər keçirilir.
AZƏRTAC xəbər verir ki, FHN bununla bağlı elan verib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarına əsasən, Nazirlik yanında yeni İctimai Şuraya seçkilərin keçirilməsini elan edir.
İctimai Şuraya vətəndaş cəmiyyəti institutlarının seçkidə iştirak barədə müraciətləri cari il martın 27-dən aprelin 25-dək edilə bilər.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası aşağıdakı kimdir:
· İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, fövqəladə hallar sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycanın 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;
· hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;
· İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.
Namizədin qeydiyyatı məsələsinə baxılması üçün təqdim olunmalı sənədlər aşağıdakı kimdir.
1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;
3. namizədin tərcümeyi-halı;
4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
5. namizədin fövqəladə hallar sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) surəti.
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
Namizədlərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin əmri ilə yaradılmış seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinə (ünvan: Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə) təqdim olunmalıdır.