FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN XİLASEDİCİ QURUMLARI GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ ÇALIŞIR
Bakı, 6 fevral (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyi (FHN) mətbuat xidməti şöbəsindən verilən məlumata görə, fevralın 5-də Bakıda qarın təmizlənməsinə nazirliyin 250 nəfərlik şəxsi heyəti və 15-dən çox texnikası cəlb edilmişdir. Həmin texnika şəhərin müxtəlif yerlərində qumsəpmə və təmizləmə işlərini həyata keçirmiş və batmış maşınları qardan çıxarmağa yardım göstərmişdir.
Fevralın 5-i saat 17.00-dan başlayaraq bütün gecə ərzində nazirliyin xilasedici qurumlarının gördüyü tədbirlər nəticəsində, Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsinə qədər olan ərazisində qarda batıb qalmış avtomobillərdən 80-dən artıq şəxs xilas edilərək qəsəbəyə və Bakı şəhərinə çatdırılmışdır.
Bakı-Şamaxı yolunun 55-ci kilometrindən sonra olan sahədən 38 şəxs götürülərək Şamaxı şəhərinə aparılmışdır. Yolun tam bağlanması səbəbindən, hazırda həmin magistralın 35-45-ci kilometrliyində avtomaşınlarda qalmış 75-dən çox şəxsin xilas olunması üçün nazirliyin xilasediciləri və sərhəd qoşunlarının şəxsi heyəti tədbirlər görür.
Hövsan-Zığ şosesində qalmış avtomobillərdən fevralın 6-sı səhər saat 4-6 arasında 106 şəxs götürülərək FHN-in Zığ qəsəbəsindəki hərbi hissəsinə yerləşdirilmişdir.
Mərdəkan şosesi və Pirallahı qəsəbəsi arasında yolun bağlanmış hissəsində qalan avtomobillərdən 66 nəfər çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq hava limanına aparılmışdır. Qalan 50-yə yaxın vətəndaşın çıxarılması üçün əlavə tədbirlər görülür.
Hazırda digər sahələrdə də xilasetmə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi vətəndaşlardan xahiş edir ki, kəskin hava şəraiti ilə əlaqədar zərurət olmadığı halda şəxsi avtomobillərindən istifadə etməsinlər və Bakı-Şamaxı magistralının mürəkkəb sahələrinin bağlı olması səbəbindən bu yoldan istifadə etməsinlər. Fövqəladə Hallar Nazirliyi çətin vəziyyətə düşən vətəndaşlardan xahiş edir ki, “112 zəng mərkəzi”nə təcili məlumat versinlər.