FÖVQƏLADƏ HALLARIN ARADAN QALDIRILMASI SAHƏSİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 12-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin inşaat və şəhərqurma naziri Faruk Nafiz Özakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqlar görüşdən əvvəl Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Onlar həmçinin Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsinin və türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin önünə əklil qoymuşlar.
Türkiyəli qonaqlar buradan Bakının mənzərəsini seyr etmişlər.
Fövqəladə Hallar Nazirliyində görüş zamanı nazir Kəmaləddin Heydərov müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlər və ölkədə aparılan islahatlar barədə qonağa ətraflı məlumat vermişdir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan nazir, ölkələrimiz arasında fövqəladə halların aradan qaldırılması sahəsində əlaqələrin son illər sürətlə inkişaf etdiyini söyləmişdir. Bu sahədə qardaş Türkiyənin böyük təcrübəsi olduğunu diqqətə çatdıran K.Heydərov qeyd etmişdir ki, son zamanlar iki ölkənin mütəxəssisləri arasında aparılan təcrübə mübadiləsi fövqəladə halların aradan qaldırılmasına öz töhfəsini vermişdir. Yaxın vaxtlarda nazirlik Türkiyədə istehsal olunmuş ən müasir avadanlıq alacaqdır.
Səmimi qəbula görə təşəkkürünü bildirən Faruk Nafiz Özak Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır. İkitərəfli münasibətlərin, xüsusilə də fövqəladə hallar sahəsində əməkdaşlığın daha da genişlənməsində qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını bildirən qonaq Türkiyənin Azərbaycana hər bir sahədə kömək etməyə hazır olduğunu söyləmişdir. Faruk Nafiz Özak söhbətin sonunda Azərbaycan iş adamlarını dost Türkiyəyə investisiya qoymağa çağırmışdır.
######
