Frankfurt-Maynda “Azərbaycanda logistika, mobillik və infrastruktur” adlı tədbir keçirilib
Berlin, 8 fevral, AZƏRTAC
Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin kiçik və orta müəssisələr üçün bazarın inkişaf proqramı çərçivəsində “Bondacon International Business Consultancy” şirkəti tərəfindən Frankfurt-Maynda “Azərbaycanda logistika, mobillik və infrastruktur” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyi fəal təmsil olunub.
Tədbirdə Almaniya ilə Azərbaycan arasında iqtisadi-ticari münasibətlərin və qarşılıqlı sərmayə qoyuluşlarının hazırkı durumu, ölkəmiz tərəfindən həyata keçirilən trans-regional əhəmiyyətli nəqliyyat (Bakı-Tbilisi-Qars), logistika (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı), enerji (Cənub Qaz Dəhlizi) və informasiya-kommunikasiya texnologiyaları (Trans-Avrasiya Super İnformasiya Magistralı, Trans-Xəzər Fiber-Optik Kabel Xətti) təşəbbüsləri və layihələri, eləcə də sənaye-texnoparklarımız, iştirak etdiyimiz beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən yeni Azad İqtisadi Zona barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin cari ildə Almaniyada keçirilməsi nəzərdə tutulan iqtisadi tədbirlərdən də bəhs olunub.
Tədbirdə Almaniyanın Şərqi Biznes Assosiasiyasının, Alman-Azərbaycan Xarici Ticarət Palatasının və bir sıra alman şirkətlərinin nümayəndələrinin çıxışları dinlənilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin