FRANSA SƏFİRİ ZAQATALADA OLMUŞDUR
Fransa Respublikasının ölkəmizdəki səfiri Qabriel Keller iyulun 21-də Zaqatalada qonaq olmuşdur.
AZƏRTAC xəbər verir ki, Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonağı səmimi salamlayan icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək sürətlə inkişaf etdiyini bildirmiş, respublikamızda, eləcə də Zaqatala rayonunda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qonağa rayonun coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı, tarixi abidələri barədə məlumat verən icra başçısı fransız şirkətlərini, iş adamlarını, turistləri Zaqatalaya dəvət etmişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Qabriel Keller bölgələrə səfər proqramını ilk olaraq Zaqatala rayonundan başladığını bildirmiş, rayonun təbiətini, turizm potensialını, şəhərdə aparılan quruculuq işlərini çox yüksək qiymətləndirmişdir. Azərbaycanla Fransa arasında energetika sahəsində səmərəli əməkdaşlığın olduğunu bildirən səfir gələcəkdə kənd təsərrüfatı və turizm sahələrində də əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi vurğulamışdır.
Səfirə hədiyyə təqdim olunmuşdur.
Görüşdən sonra Fransa səfiri ümummilli liderimiz Heydər Əliyevin şəhərin mədəniyyət və istirahət parkındakı abidə-kompleksini ziyarət etmişdir.
Qonaq “Zaqatala” mehmanxanasında fransız dili müəllimləri üçün təşkil olunmuş seminarın iştirakçıları ilə görüşmüş, şəhərin görməli yerləri ilə tanış olmuşdur.