Fransa səfirliyinin nümayəndələri Naxçıvan Dövlət Universitetində olmuşlar
Naxçıvan, 8 noyabr (AZƏRTAC). Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə müşaviri İv Zoberman və onu müşayiət edən Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olmuşlar.
NDU-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müşaviri səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini, dilçilik və təhsil sahəsində əməkdaşlıq missiyasının rəhbəri Şarlot Payen, Azərbaycan Dillər Universitetinin professoru Çəmən Babaxanova müşayiət etmişlər.
NDU-nin beynəlxalq əlaqələr üzrə prorektor Anar Kazımov Azərbaycanda, o cümlədən Naxçıvanda elmin və təhsilin inkişafına hərtərəfli dövlət qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, dünya təhsilinə inteqrasiya yolu tutan universitetin beynəlxalq əlaqələri daim genişlənməkdədir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan universitetdə 5000-dən çox tələbə, o cümlədən 12 ölkənin 300-dən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunmaqdadır. Tələbə mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər. Beynəlxalq əlaqələr üzrə prorektor universitetdə fransız dilinin tədrisi, mədəniyyətinin təbliği barədə də ətraflı məlumat vermiş, bu ölkənin ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulamışdır.
İv Zoberman Azərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan haqqında xoş təəssüratlarını bölüşmüş, Azərbaycan və Fransa dövlətləri arasında bir çox sahələrlə yanaşı elm və təhsil sahəsində də əməkdaşlığın inkişafından danışmışdır.
Sonra beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin müəllim və tələbələri ilə diskussiya xarakterli görüş keçirilmişdir. Nəzərdə tutulan layihələr haqqında məlumat verən İv Zoberman naxçıvanlı mütəxəssislərin, fransız dili müəllimlərinin universitetlərarası beynəlxalq forumda iştirakının təmin edilməsinin, tələbələr arasında fransız dilində imla müsabiqəsi keçirməsinin, fransız dili müəllimlərinin Naxçıvanda şəhərində bir həftəlik ixtisasartırma kurslarının təşkilinin nəzərdə tutulduğunu bildirmişdir.
Görüşdə müəllim və tələbələrin sualları cavablandırmış, fransız dilində şeir və mahnılar səsləndirilmişdir.