FRANSA XX ƏSRİN STİLİNİ YARADAN MODELYERİ İTİRDİ
Fransa görkəmli moda ustasını itirdi. AZƏRTAC xəbər verir ki, 20-ci əsrin stilini bir çox cəhətdən formalaşdırmış kolleksiyaların müəllifi İv Sen-Loran 71 yaşında vəfat etmişdir.
Məşhur kutyurye 1936-ci il avqustun 1-də Əlcəzairdə dünyaya gəlmişdir. O, Paris moda dünyasına 17 yaşında rəssam-qrafik kimi daxil olmuşdur. 1950-ci illərin əvvəlində Kristian Diorun assistenti, sonra isə onun varisi olmuşdur. İv Sen-Loranın 1958-ci ildə ortaya çıxardığı ilk defile ona böyük uğur gətirmiş və 1961-ci ildə o, şəxsi moda evinin əsasını qoymuşdur.
O, qadınlar üçün öz kolleksiyalarına kişi modasının bir çox elementlərini gətirmişdir. Məsələn, qadın qarderobunda smokinq, şalvarlı kostyum, qısaqol gödəkcə, yağmurluq peyda olmuşdur. Sen-Loran pret-a-portenin - dizayner brendinə malik yüksəkkeyfiyyətli hazır geyimin yaradıcısı idi. Məşhur kutyurye 2002-ci ildə Jorj Pompidu Mərkəzində vida defilesində yaradıcılığına yekun vuraraq demişdir: “Mən XX əsrin gətirdiyi sərbəstliyi modada təcəssüm etdirməyə çalışmışam”. Paris “moda inqilabçısının” qırxillik yaradıcılığına bu retrospektiv nəzəri gurultulu alqışlarla qarşılamışdır.
İv Sen Loranın işgüzar tərəfdaşı Pyer Berje dizaynerin vəfatından sarsıldığını bildirmişdir. Sənətkarın 5 min işinin saxlandığı “Berje-Sen-Loran” fondunun rəhbəri demişdir: “O həm modanı, həm də dünyanı dəyişdirmişdir”.