FRANSADA KAMAL ABDULLANIN İKİNCİ KİTABI ÇAP OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransada Azərbaycan Milli Elmlər Akademiyaının müxbir üzvü, yazıçı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abddullanın ikinci kitabı işıq üzü görmüşdür. Parisin “Harmattan” nəşriyyatı bir neçə il əvvəl yazıçının “Yarımçıq əlyazma” romanından sonra fransız alimi Mişel Malerblə birlikdə 3 il müddətində hazırladıqları “Azərbaycanca danışaq” (Dil və mədəniyyət) adlı ikinci kitabını çap etmişdir.
Azərbaycan dilini və mədəniyyətini ilk dəfə fransız dilində təqdim edən kitab bir neçə məlumat xarakterli yarımsərlövhədən, girişdən, üç əsas hissədən, Azərbaycanca-fransızca və fransızca-Azərbaycanca lüğət və biblioqrafiyadan ibarətdir.
“Azərbaycan rəqəmlərdə” adlı bölmədə ərazi, əhalinin sayı, siyasi sistemi, dövlət quruluşu, milli bayramlar, paytaxt, əsas şəhərlər, pul vahidi, dil və din, etnik qruplar və sair barədə məlumat verilmişdir.
“Dövlət emblemləri” başlıqlı sərlövhədə dövlət atributlarından biri olan üçrəngli bayrağımızın rənglərinin rəmzi mənaları izah olunmuş, himndən qısaca danışılmışdır.
Kitabın “Giriş”ində Azərbaycanın eramızdan əvvəl və sonrakı dövrlərdəki tarixinə ekskurs edilmişdir. “Dağlıq Qarabağ münaqişəsi: hazırkı problem” yarımbaşlıqda Türkiyə və İrandan köçürülmüş ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsi, torpaqlarını başqa ərazilər hesabına genişləndirmək istəyən ermənilərin məkrli niyyətindən, ərazilərimizin 20 faizini işğal etməsindən söhbət açılmış, ilk dəfə olaraq Fransada Azərbaycan xəritəsi ermənilər tərəfindən işğal olunmuş ərazilərlə bir yerdə kitabda öz əksini tapmışdır.
Kitabda ölkəmizin coğrafiyası, iqlimi, daxili və xarici siyasəti, fauna və florası, geoloji stukturu və təbii sərvətləri, xalqımızın mənşəyi və digər sahələr haqqında fransız oxucularına məlumatlar verilmişdir.
Dillə bağlı hissələrdə Azərbaycan danışıq dili və işlək leksikonundan, qrammatik quruluşundan söhbət açılmış, müqayisəli şəkildə nümunələr verilmiş, müasir danışıq dilində işlədilən ifadə və sözlərə geniş yer verilmişdir.
Kitabın “Fransa və Azərbaycan” adlı sərlövhəsində iki ölkə arasında ədəbi və mədəni əlaqələrdən, fransız dilinin Azərbaycanda tədrisindən, fransız yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasından, Azərbaycan şair və yazıçılarının fransız dilinə tərcümə edilmiş əsərlərindən, Azərbaycanla Fransa arasında iqtisadi sahədə əməkdaşlıqdan bəhs edilmişdir.
Kitabda dövlət himninin, Səməd Vurğunun “Azərbaycan”, Nizami Gəncəvinin “Sənsiz”, Nəbi Xəzrinin “Sən və mən” şeirlərinin orijinalı və fransız dilinə tərcümələri də çap olunmuşdur.
Kitab ölkəmizin tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, coğrafiyası, o cümlədən Dağlıq Qarabağ həqiqətləri barədə fransız oxucularında dolğun təssəvvür yaratmaq baxımından dəyərli və etibarlı mənbədir.
Kitab Azərbaycan dilini öyrənən fransız tələbələri və dilimizə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.