FRANSADA “SÜKUNƏT ŞAİRİ” MARSEL MARSONU YAD EDİRLƏR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Fransanın cənub-qərbində yerləşən Periqs şəhərində Beynəlxalq Mim Festivalı başlanmışdır.
Artıq 26-cı dəfə keçirilən bu ənənəvi festival bir həftə davam edəcəkdir. Builki festivalın çoxsaylı iştirakçıları öz məşhur həmkarları, fransız mim ustası Marsel Marsonun xatirəsini ehtiramla yad edirlər.
Həyatının 60 ildən çox hissəsini bu sənətə həsr etmiş aktyor 2007-ci ilin sentyabr ayında 84 yaşında vəfat etmişdir. “Dünyada ən məşhur fransız aktyoru” adlanan Marsonun şərəfinə Periqs festivalında onun şagirdləri və davamçılarının ifasında “Cənnət övladı” tamaşası göstəriləcəkdir. Tamaşada Marsonun Bolqarıstandan, Rumıniyadan, İtaliyadan və Fransadan olan yetirmələri iştirak edirlər.
Festival çərçivəsində Marsel Marsoya həsr edilmiş sərgidə məxsusi olaraq bu məşhur aktyor üçün onun sevimli rejissoru və ssenari müəllifi Jak Noelin tərtib etdiyi pantomim tamaşalarına eskizlər nümayiş etdirilir.
Festivalın iştirakçıları və tamaşaçılar Marsel Marsoya həsr edilmiş filmə də tamaşa edəcəklər. Bundan əlavə, məşhur mimin çıxışları əsasında toplanmış arxiv kino materialları göstəriləcəkdir.
Adətən 40-45 min tamaşaçı cəlb edən bu festivalda Marsel Marsonun 4 övladından ikisi - Kami və Batist də iştirak edirlər. Adlı-adlı sanlı atalarına bu festivalda xüsusi diqqət yetirilməsinə görə çox sevinən Kami və Batist onu da qeyd etmişlər ki, onların fikrincə, Fransa bu sənətçini vaxtında lazımınca qiymətləndirməmişdir.
Marsel Marsonu anma yeri kimi Periqsin seçilməsi təsadüfi deyildir - mənşəcə polşalı yəhudilər olan Manqel ailəsinin üzvləri İkinci Dünya müharibəsi illərində işğalçılardan xilas olmaq üçün məhz bu şəhərdə gizlənmişdilər. Marsel özü 1942-ci ildən Müqavimət Hərəkatına qoşulmuşdu. Bu hərəkatın sıralarında o, Viktor Hüqonun “Cəza” şeirinin qəhrəmanı Marsonun adını özünə təxəllüs seçmişdir. İngilis dilini əla bilən Marso bunun sayəsində general Pattonun dəstəsi ilə Amerika qoşunları arasında rabitəçi funksiyasını yerinə yetirirdi.
Marselin atası 1944-cü ildə gestapoçular tərəfindən həbs edilmiş və Osvensimdə həlak olmuşdur. Atasının ölüm xəbərini eşidən Marsel Marso uzun müddət nitq qabiliyyətini itirmişdir. Bu fakt onu çoxdan arzuladığı teatr aktyoru olmaq planını dəyişməyə məcbur etmişdir. Beləliklə, Marso mim olmuşdur. Fransada onu “sükunət şairi” adlandırırdılar.