DÜNYA
Fransanın müstəmləkəsi olan dənizaşırı ərazilərin nümayəndələri Parisdə etiraz nümayişi keçiriblər
Paris, 4 noyabr, AZƏRTAC
Fransanın müstəmləkəsi olan dənizaşırı ərazilərdə bahalığa qarşı Parisdə etiraz nümayişi keçirilib. Qırmızı rəngli gödəkçə geymiş minlərlə insan Antil adaları və Kanak assosiasiyalarının birgə təşkilatçılığı ilə Danfer-Roşro (Denfert-Rochereau) meydanına toplaşaraq Dənizaşırı Ərazilər Nazirliyinə doğru irəliləyiblər.
AZƏRTAC xəbər verir ki, “Kriminal monopoliya”, “Ac Bekes”, “Bizə hörmət et” kimi şüarların, eləcə də Martinika, Qvadelupa və Kaledoniya bayraqlarının dalğalandırıldığı nümayişdə iştirakçılar “Baha yaşayışa YOX!” deyərək etirazlarını ifadə ediblər.
Nümayişçilər Fransanın dənizaşırı ərazilərdən xəbərinin olmadığını və bu ərazilərdəki acınacaqlı vəziyyətin onu narahat etmədiyini bildiriblər. Onlar ərazilərində davamlı inkişafın, normal həyat şəraitinin təmin olunmasını istədiklərini bəyan edib, bu nümayişin dönüş nöqtəsi olacağına ümid etdiklərini deyiblər.
Martinikada yaşayış xərclərinin yüksək olmasına qarşı keçirilən hərəkatda iştirak edən, Afro-Karib dənizi xalqlarının və resurslarının müdafiəsi üzrə mitinqin (RPPRAC) rəhbəri Rodriq Petito (Rodrigue Petitot) da nümayişə qatılıb. O qeyd edib: “Fransa hökuməti deyir ki, Fransa birdir və bölünməzdir, bizim hərəkət etmək hüququmuz var. Buna görə də qiymətlər və qida xərclər də eyni olmalıdır”.