DÜNYA
Fransız ailələri “TikTok”u məhkəməyə verirlər
Bakı, 4 noyabr, AZƏRTAC
Yeddi fransız ailəsi sosial media nəhəngi “TikTok”u məhkəməyə verib. Onlar platformanı yeniyetmə uşaqlarını zərərli məzmuna məruz qoymaqda günahlandırır. Bu məzmun azyaşlılardan ikisinin 15 yaşında intihar etməsinə səbəb olub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə noyabrın 4-də həmin ailələrin vəkili Lor Butron-Marmion məlumat verib.
Vəkil yerli televiziya kanalına deyib ki, iddiada “TikTok” alqoritminin yeddi yeniyetməni intihara, özünə zərər verməyə və qidalanma pozğunluğuna təşviq edən videolara məruz qoyduğu bildirilir.
Ailələr Parisdən 11,5 km aralıda yerləşən Kretey məhkəməsində birgə hüquqi hərəkətlərə başlayıblar. L. Butron-Marmion qeyd edib ki, bu, Avropada ilk analoji qrup iddiasıdır.
“Valideynlər “TikTok”un qanuni məsuliyyətinin məhkəmədə tanınmasını istəyirlər. Bu, yetkinlik yaşına çatmayan istehlakçılara məhsul təklif edən kommersiya şirkətidir. Buna görə də onlar məhsulun çatışmazlıqlarına görə cavab verməlidirlər”, -deyə o əlavə edib.
Digər sosial media platformaları kimi, “TikTok” da tətbiqindəki məzmun nəzarəti ilə bağlı tənqidlə üzləşir. “Meta”nın feysbuk və instaqram platformaları kimi, ona qarşı da ABŞ-da milyonlarla uşağı aldatmaqda və zehni sağlamlığa zərər verən sosial platformalardan asılı olmaqda təqsirləndirilən yüzlərlə məhkəmə iddiası var.
Şirkət daha əvvəl bildirmişdi ki, uşaqların psixi sağlamlığı ilə bağlı problemlərə ciddi yanaşır. Baş direktor Şou Zi Çu bu il ABŞ qanunvericilərinə şirkətin proqramdan istifadə edən gəncləri qorumaq üçün tədbirlərə sərmayə qoyduğunu bildirib.