“Fridays for Future” gənclər hərəkatının tələbləri haqlıdırmı?
Berlin, 6 may, AZƏRTAC
Azad Demokratik Partiyanın (ADP) lideri Kristian Lindner özünün “Twitter” mikrobloqunda “Fridays for Future” gənclər hərəkatının iştirakçılarına müraciət edərək, iqlimin müdafiəsi ilə bağlı problemlərin həllini peşəkarlara etibar etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu hərəkat bir neçə aydan bəri kütləvi aksiyalar keçirir, siyasətçiləri qlobal istiləşmə ilə bağlı ümdə problemlərə diqqət yetirməyə çağırır. Hərəkata münasibət fərqlidir. Bəzi siyasətçilər onların tələblərini ağlabatan, digərləri isə əsassız, radikal hesab edirlər.
Son vaxtlar gənclər hərəkatını ən çox tənqid edənlər alman mühafizəkarlar, ADP və sağçı-populist “Almaniya üçün Alternativ” Partiyasıdır. Siyasətçilər yeniyetmələrə xatırladırlar ki, onlar məktəbə getməli, dərs oxumalıdırlar. Alman KİV-lərində dərc edilən məqalələrin müəllifləri bu cür nümayişlərin istirahət günlərində təşkil olunmasını təklif edirlər.
Lakin gənclərin tələblərinə məhəl qoyulmadığını demək mübaliğə olardı. Vəziyyət belə deyil. Məsələn, bu günlərdə KİV-lərdə yayılmış məlumata görə, “Fridays for Future” hərəkatının nümayəndələri Bundestaqın ətraf mühitin mühafizəsi üzrə komitəsində olub, aparıcı partiyaların nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. Siyasətçilərin sözlərinə görə, bu nümayəndələrlə söhbətlər maraqlı və konstruktiv olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin