FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİ OLMUŞDUR
Bakı, 5 dekabr (AZƏRTAC). Cənubi Afrika Respublikasının Keyptaun şəhərində 2010-cu ildə keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasimi olmuşdur. Turnirin 32 iştirakçısı 8 qrupa bölünmüşdür.
Təntənəli mərasimi Cənubi Afrika Respublikasının aktrisası Şarliz Teron
və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) baş katibi Cerom Valke birlikdə aparmışlar. Onlara Efiopiyanın qaçış üzrə məşhur idmançısı Xayle Gebreselassie və dünya futbolunun marketinq əfsanəsi Devid Bekhem kömək etmişlər.
Futbol bayramında komandaların nümayəndələri, FİFA rəhbərliyi, müxtəlif tanınmış şəxslər, sponsorlar və jurnalistlər də daxil olmaqla 3 minə yaxın xarici qonaq iştirak etmişdir. Püşkatma mərasiminin gedişini dünyanın 200 ölkəsinin sakinləri izləmişlər.
Püşkatmanın nəticələri belədir: A qrupu - CAR, Meksika, Uruqvay, Fransa, B qrupu - Argentina, Nigeriya, Cənubi Koreya, Yunanıstan, S qrupu - İngiltərə, ABŞ, Əlcəzair, Sloveniya, D qrupu - Almaniya, Avstraliya, Serbiya, Qana, E qrupu - Hollandiya, Danimarka, Yaponiya, Kameron, F qrupu - İtaliya, Paraqvay, Yeni Zelandiya, Slovakiya, G qrupu - Braziliya, KXDR, Kot d İvuar, Portuqaliya, H qrupu - İspaniya, İsveçrə, Honduras, Çili.
Futbol üzrə dünya çempionatı iyunun 11-də Keyptaunda CAR və Meksika yığma komandaları arasında görüşlə başlanacaqdır. Final görüşü iyulun 11-də keçiriləcəkdir.
FİFA finalın mükafat fondunun bir dəfə yarım artırılaraq, 420 milyon dollara çatdırılması barədə qərar qəbul etmişdir. Qalib 30 milyon, gümüş mükafatçı 24 milyon, bürünc mükafatın sahibi isə 20 milyon dollar alacaqdır.
Püşkatma mərasimi mümkün terror aktları və ümumilikdə CAR-da cinayətkarlığın səviyyəsinin yüksək olması ilə əlaqədar görülən fövqəladə tədbirlər şəraitində keçmişdir. Dekabrın 4-də gündüz saatlarında yerli polis püşkatma mərasiminin keçirildiyi binanı əhatəyə almışdır. Binada partlayıcı qurğunun axtarışı aparılmışdır. Xoşbəxtlikdən binada partlayıcı qurğunun olması barədə məlumat təsdiqini tapmamışdır.