GDU-da təhsil alan türkiyəli tələbələrlə görüş keçirilib
Gəncə, 28 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop Gəncə Dövlət Universitetində (GDU) təhsil alan türk tələbələrlə görüş keçiriblər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə deputat, GDU-nun Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə universitetin maddi-texniki bazası, Türkiyənin ali təhsil müəssisələri ilə olan əlaqələr və ikili diplom proqramı haqqında ətraflı məlumat verib. Pərvin Kərimzadə Gəncə Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr arasında Türkiyədən olan tələbələrin üstünlük təşkil etdiyini və onların daim qayğı ilə əhatə olunduğunu söyləyib.
Recep Öztop çıxışında Azərbaycan və Türkiyə arasında təhsil sahəsindəki sıx əlaqələrdən və bu əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan GDU-da təhsil alan türkiyəli tələbələrin təhsili və digər məsələlərlə bağlı maraqlanıb, onlara uğurlar arzulayıb və gəncləri maraqlandıran suallara aydınlıq gətirib.
GDU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov universitetdə əcnəbi tələbələrin təhsil alması üçün yaradılan şərait və onlarla mütəmadi keçirilən görüşlər haqqında məlumat verib.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan iki ölkə arasındakı təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səfirlik olaraq hər zaman dəstək verməyə hazır olduqlarını bildirib.