GDU yüksək bal toplayan tələbələrinə 200 manat həvəsləndirici təqaüd verəcək
Gəncə, 11 sentyabr, AZƏRTAC
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək Gəncə Dövlət Universitetinə (GDU) qəbul olunan tələbələrlə görüş keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə ali təhsil ocağının Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə tələbələri təbrik edib, gənclərin gələcəkdə ölkənin elmi, sosial və iqtisadi inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
Prorektor universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, beynəlxalq əməkdaşlıq layihələrində iştirakı və innovativ təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Gəncə Dövlət Universitetində tələbələrin hərtərəfli inkişafı üçün müasir tədris infrastrukturu, zəngin kitabxana resursları, beynəlxalq mübadilə proqramları, elmi konfranslar və müxtəlif layihələrdə iştirak imkanları yaradılıb.
Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev çıxışında bildirib ki, universitetin Elmi Şurasının qərarına əsasən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600 və daha çox bal toplayaraq GDU-nun bakalavriat səviyyəsinə qəbul olan I kurs tələbələrinə 2026/2027-ci tədris ilinin payız semestrində hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək. Növbəti semestrlərdə tələbənin Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 91-100 bal aralığında olduğu və universitetin ictimai həyatında fəal iştirak etdiyi halda təqaüdün verilməsi davam etdiriləcək.
GDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov çıxışlarında universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının işi, gənclərin sosial, mədəni və ictimai fəaliyyətlərə cəlb olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriblər. Qeyd olunub ki, Gəncə Dövlət Universitetində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, liderlik bacarıqlarının inkişaf etdirilməsi, vətənpərvərlik ruhunda formalaşması və müxtəlif təşəbbüslərlə çıxış etmələri üçün geniş imkanlar yaradılıb.
Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.
Müxbir - Elcan Məmmədov