REGİONLAR
Gədəbəydə istehlakçı hüquqları müzakirə olunub
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da Gədəbəy rayonunda istehlakçı hüquqlarına dair "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin və 150-yə yaxın istehlakçının iştirakı ilə keçirilən tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb, xidmətin həyata keçirdiyi maarifləndirmə tədbirləri, istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət qurumları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib.
Həmin gün, həmçinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Gədəbəydə fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib. Təlimdə iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
İstehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu çərçivədə istehlakçıların maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edən müxtəlif konfrans və seminarlar təşkil edilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır.