GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN HƏR ZAMAN ÖRNƏK OLAN ZƏNGİN SİYASİ İRS
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kooperasiya Universitetində xalqımızın ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş “Kooperasiya tarixi və reallıq” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Universitetin rektoru, professor Eldar Zülfüqarlı, “Azərittifaq”ın idarə heyətinin sədri, Milli Məclisin deputatı Eldar Quliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixi xidmətlərindən, ümummilli liderimizin zəngin həyat yolunun nəsillər üçün örnək olmasından söhbət açmışlar.
Natiqlər Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, müstəqilliyinin qorunub saxlanmasında, dünya birliyinə inteqrasiyasında, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında Heydər Əliyevin müstəsna rolundan danışmış, ümummilli liderimizin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının tarixi əhəmiyyətini vurğulamışlar.
Ulu öndərimizin ideyalarının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Sonra “Heydər Əliyev və Azərbaycanın iqtisadi-siyasi strategiya istiqamətləri”, “Heydər Əliyev və Azərbaycan gömrük siyasəti” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.