GƏLƏN İL ƏMƏK PENSİYALARININ MƏBLƏĞİ ARTIRILACAQDIR
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov “Əmək pensiyaları haqqında” Qanun layihəsinə təklif edilən əlavə və dəyişikliklər barədə ətraflı açıqlama vermişdir.
İclasda “Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” qanun layihəsi ilə bağlı geniş müzakirə olmuşdur. Deputatlar bu məsələyə münasibətdə seçicilərinin mövqelərini də nəzərə çatdırmışlar. Bildirmişlər ki, 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 70 manat, pensiyaçılar üçün 49,7 manat, uşaqlar üçün 52,4 manat məbləğində müəyyən edilmişdir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən 35 manat, 2007-ci il iyulun 1-dən isə 40 manat məbləğində müəyyənləşdirilir.
Milli Məclisin deputatları “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklərə və əlavələrə də münasibət bildirmişlər. Layihəyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, eləcə də hamiləliyə və doğuma görə o şəxslər müavinət ala bilərlər ki, onlar ən azı 6 ay müddətində məcburi dövlət sosial sığorta haqqı ödəmiş olsunlar. Hər iki halda müavinətin aylıq yüksək həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 15 mislindən artıq ola bilməz.
Mütəxəssislərin iştirakı ilə aparılan geniş müzakirələrin yekununda bu qanun layihələri Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.