Gələn il Hirkan Milli Parkı haqqında filmin təqdimatının keçirilməsi nəzərdə tutulub
Bakı, 31 dekabr, AZƏRTAC
IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 10 möcüzəsi” layihəsinə İctimai Birliyin təsisçisi və rəhbəri Leyla xanımın rəhbərliyi və təşəbbüsü əsasında on il bundan öncə 2013-cü ilin mart ayında start verilib. On möcüzə deyəndə 10 milli park nəzərdə tutulur. Bu müddət ərzində yeddi film təqdim edilib. Yeddinci film Qızılağac Milli Parkı haqqındadır və “Xəzər nağılı” adlanır. Bu il formatı dəyişmək qərarına gəldik. Hər təqdim olunmuş film haqqında ayrıca panel yaratmışıq. Panellərdə həm fotolar, həm filmin özü də nümayiş olunub.
Bunu AZƏRTAC-a müsahibəsində layihənin koordinatoru Hikmət Nağdəliyev deyib.
“Bildiyiniz kimi, Qızılağac Milli Parkı Azərbaycanın ən gənc milli parkdır. 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında təsis olunub. Bundan sonra layihəmiz davam edəcək. Cəmi dörd milli park haqqında filmlər qalıb, onların da gələcəkdə təqdimatı keçiriləcək. 2024-cü ildə isə Hirkan Milli Parkı haqqında filmin nümayişi və təqdimatının keçirilməsi nəzərdə tutulub. Məlum olduğu kimi, Hirkan Milli Parkı UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Filmdə bu barədə də məlumat yer alacaq”, - deyə Hikmət Nağdəliyev bildirib.