GƏLƏN İL TƏHSİLİN İNKİŞAFINA 879 MİLYON MANAT AYRILACAQDIR
Sonra Maliyyə Nazirliyinin idarə rəisi Xəqani Rzayev bildirmişdir ki, 2007-ci ildə bütün maliyyə mənbələrindən təhsilə ayrılan vəsaitlərin məbləği 879 milyon manat, elm xərcləri isə 46 milyon manat təşkil edəcəkdir.
Maliyyə Nazirliyinin maliyyə nəzarəti idarəsinin müdiri Şakir Quliyev isə demişdir ki, gələn ilin əsas maliyyə sənədində 61 dövlət orqanının və onların yerli bölmələrinin, Naxçıvan Muxtar Respublikası dövlət orqanlarının, eləcə də xarici ölkələrdəki diplomatik missiyaların saxlanması üçün ayrılan vəsaitin həcmi artırılmışdır. Hüquq mühafizə orqanları istisna olmaqla, dövlət orqanlarının saxlanmasına 249,9 milyon manat ayrılmışdır. Bu, cari illə müqayisədə 47,5 faiz çoxdur.
Xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusun saxlanmasına 37,5 milyon manat nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 2,8 milyon manat çoxdur. Gələn il daha 10 ölkədə diplomatik xidmət orqanının açılması nəzərdə tutulub və bunun üçün 7,5 milyon manat ayrılacaqdır.
2007-ci ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, bədən tərbiyəsi, idman və turizmin inkişafı üçün isə 90,2 milyon manat nəzərdə tutulmuşdur. Bu vəsait mədəniyyəti əhatə edən bütün sferalarda çalışanların əmək haqlarının artırılmasına və həmin sahələrdə islahatların həyata keçirilməsinə sərf olunacaqdır.