Gələn il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri və fiskal hədəflər müəyyənləşib
Bakı, 5 noyabr, AZƏRTAC
Dövlətin əsas funksiyalarının, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil, dövlət borcu, prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsi, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlərin və iqtisadi artımın davamlılığının dəstəklənməsinin 2022-ci ilin üzrə büdcə-vergi siyasəti çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
2022-ci ildə icmal büdcəsinin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2021-ci il üzrə proqnozlaşdırılan göstəricidən (30,1 faiz) 1,7 faiz bəndi azalmaqla 28,4 faizə enməsi proqnozlaşdırılır. Növbəti illərdə qeyd olunan göstəricinin illik əsasda azaldılması büdcənin neft gəlirlərindən asılılığının aradan qaldırılmasına və orta və uzunmüddətli dövrdə fiskal dayanıqlığın təmin edilməsinə şərait yaradacaq. Uzunmüddətli perspektivdə Dövlət Neft Fondunun aktivlərinin tükənməsinin qarşının alınması və ölkənin iqtisadi təhlükəsizliyini təmin edən səviyyədə saxlanılması məqsədilə Fonddan dövlət büdcəsinə yönəldilən transfertin həcminin tənzimlənməsi nəzərdə tutulur. Ortamüddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və sair) maliyyələşdirilməsi məqsədilə dövlət borclanmasından daha aktiv istifadə edilməsi planlaşdırılır.
Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi sahəsində islahatların davamı olaraq dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılması məqsədilə nəticəəsaslı büdcə tərtibi mexanizminin pilot sektorlarda təşkili prosesinin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur.
Dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması prioritetlər arasındadır. Büdcə prosesinin hər bir mərhələsində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətində işlər ("E - büdcə portal"ının yaradılması, “Açıq Büdcə İndeksi” üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması və sair) 2022-ci ildə də davam etdiriləcək ki, bu da büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsinə töhfə verəcək.