GƏMİÇİLƏR BAKIDA BEYNƏLXALQ TƏDBİR KEÇİRMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Assosiasiyanın vitse-prezidenti, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov sessiyanı giriş sözü ilə açaraq qurumun ötənilki fəaliyyətindən və perspektiv planlardan danışmışdır.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Respublikasının Hökuməti adından iştirakçıları salamlamış və demişdir ki, Azərbaycanda gəmiçiliyin tarixi qədimdir və nəqliyyatın bu növü ölkəmizdə inkişaf edərək beynəlxalq səviyyəyə qalxmışdır. Buna görə də Azərbaycan gəmiçilik sahəsində də dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsinə üstünlük verir.
Sessiyada məlumat verildi ki, Ukrayna gəmiçilik şirkətinin prezidenti N.Slavov təqaüdə çıxdığından QHGSBA-nın əsasnaməsinə uyğun olaraq, o, bu qurumun rəhbəri vəzifəsindən də xaric edilmişdir.
QHGSBA-nın baş katibi S.Melaşşenkonun 2003-cü ilin yekunlarına dair hesabatı dinlənildikdən sonra təşkilati məsələlərə baxılmışdı.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi A.Bəşirov QHGSBA-nın yeni rəhbəri, Ukraynanın “UkrFerri” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti A.Kulyand isə qurumun vitse-prezidenti seçilmişlər.
Tədbirin ikinci hissəsində cari məsələlər müzakirə edilmişdir. Çıxış edənlər assosiasiyanın fəaliyyətini genişləndirməyin vacibliyini bildirmişlər. Natiqlər əminliklə demişlər ki, qurumun yeni prezidenti zəngin iş təcrübəsindən istifadə edərək QHGSBA-nın fəaliyyətini genişləndirəcəkdir.