GƏNC ALİMLƏR MDB-NİN YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna istinadla xəbər verir ki, Birlik ölkələrindən 400-dən çox gənc aspirant və elmlər namizədi “MDB ölkələrinin elmi-texniki və humanitar əməkdaşlığının inkişafı üçün kadrların təzələnməsində inteqrasiya və innovasiyalar” təşkilatının üzvü olan ölkələrin alimlərinin Beynəlxalq Yay məktəbində iştirak edəcəklər. Məktəb iyulun 20-28-də Novosibirsk Akademiya Şəhərciyində və Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Tomsk Elmi Mərkəzində fəaliyyət göstərəcəkdir. Yay məktəbində Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistandan yaşı 35-ə çatmamış alimlər iştirak edəcəklər.
Məktəbin proqramına “İnnovasiya inkişafı üçün intellektual potensialın təzələnməsi” mövzusunda konfrans, “XXI əsrin elmi- fənlərarası təqiqatlar”, “Avrasiyada etnomədəni dialoq: inteqrasiya və milli eynilik problemləri”, “MDB-nin 2020-ci ilədək inkişaf strategiyası kontekstində XXI əsrdə elmin və innovasiyanın inkişaf istiqamətləri” mövzularında “dəyirmi masa”lar, seminarlar, ekskursiyalar, mühazirələr, aparıcı alimlər, təhsil və elm idarələrinin rəhbərləri ilə görüşlər, institutların elmi təcrübələrində iştirak daxildir.
Yay məktəbinin təşkili Birlik ölkələrinin elmə meyilli gəncləri arasında elmi və ictimai əlaqələri möhkəmləndirmək, habelə elm, təhsil və innovasiyalar sahəsində əməkdaşlığın inkişafına gənc alimləri cəlb etmək məqsədi daşıyır.