GƏNC İSTEDADLAR NÖVBƏTİ SINAQ QARŞISINDA
AZƏRTAC xəbər verir ki, caz həvəskarlarının yenidən bir yerə toplaşması üçün imkan yaranmışdır. İyulun 29-da Bakı Caz Mərkəzində gənc caz musiqiçilərinin festivalı start götürmüşdür. Bu layihə caz mərkəzinin art-direktoru, tanınmış pianoçu Emil İbrahimin rəhbərliyi altında həyata keçirilir.
Festivalın digər təşkilatçısı, “Jazz.az” saytının kontent-redaktoru Rövşən Sənanoğlu qeyd etmişdir ki, festivalın əsas məqsədi gənc istedadları aşkar etmək və onları dəstəkləməkdir. O demişdir: “Bu gün Azərbaycan cazı Salman Qəmbərov, Şain Növrəsli, İsfar Sarabski kimi cazmenlərin “çiyinləri üstündə” dayanır. Bu musiqiçiləri xaricdə tanıyırlar, lakin bu, kifayət deyildir. Bu gün biz Azərbaycan cazının dəstəklənməsi barədə düşünməliyik”.
Festivalın münsiflər heyətinin üzvü bəstəkar Arif Cahangirov da məsələnin bu şəkildə qoyuluşu ilə razılaşır. Onun sözlərinə görə, şou-biznes çox irəliləmişdir. Əgər vəziyyət belə davam etsə, ölkəmizdə caz sənəti sadəcə olaraq tənəzzülə uğrayacaqdır. Bəstəkar demişdir: “Biz güman edirik ki, gənc ifaçıların bu festivalı yaranmış vəziyyətin dəyişəcəyinə ümid verəcəkdir”.
İki gün - iyulun 29-30-da keçirilən festivalda 23 gənc musiqiçi, o cümlədən Aysel Quliyeva, Cahan Əzimzadə, Niyazi İbrahimov, İsmayıl Məmmədov, Zaur Mirzəyev və başqaları çıxış edəcəklər.