GƏNC MUĞAM İFAÇILARI SUMQAYITLILAR QARŞISINDA ÇIXIŞ ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Sumqayıtdakı Səməd Vurğun adına mədəniyyət sarayında Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında keçirilən uşaqlar arasında muğam ifaçılarının IV respublika müsabiqəsi qaliblərinin qala-konserti olmuşdur.
Konsertdə gənc xanəndələr - Nigar Məmişova, (birinci yer, Şuşa), Qurban Həsənov (ikinci yer, Sumqayıt), Sərxan Qasımov (üçüncü yer, Gəncə), Elyana Məhərrəmova (dördüncü yer, Astara), habelə həvəsləndirici mükafatlara layiq görülmüş daha 7 ifaçı çıxış etmiş, sumqayıtlı muğamsevərlərə gözəl ovqat bəxş etmişlər. Tamaşaçılar istedadlı uşaqların məharətlə ifa etdikləri improvizasiyalar dünyasına vararaq, xalqımızın misilsiz sənəti ilə təmasda olmuş, ifaçıların çıxışlarını gurultulu alqışlarla və bol gül dəstələri ilə qarşılamışlar. Gəncədən olan yeddi yaşlı ən gənc ifaçı Əli Hacızadənin çıxışı isə xüsusi rəğbətlə qarşılanmışdır. Konsertmeyster Sahib Paşazadənin gənclərə göstərdiyi qayğı onların bütün potensiallarını nümayiş etdirmələrinə şərait yaratmışdır. İfaçıları əməkdar incəsənət xadimi Ağaverdi Paşayevin idarəçiliyi ilə Dövlət Xalq Çalğı Alətləri Ansamblının kiçik heyəti müşayiət edirdi.
Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, münsiflər heyətinin sədri Oqtay Muxtarov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Öz miqyasına və əhəmiyyətinə görə möhtəşəm olan bu layihə istedadlı gənclərin üzə çıxarılmasına və onların incəsənət aləminə daha fəal cəlb olunmasına kömək göstərəcəkdir. 2002-ci ildən start götürən müsabiqə iki ildən bir keçirilir. Birinci tur aprel ayında bölgələrdə keçirilmiş və 56 rayondan seçilmiş 152 ifaçı may ayında Astarada keçirilmiş ikinci yekun turda iştirak etmişdir. Müsabiqə iştirakçılarının ifasını respublikanın xalq artisiti Canəli Əkbərovun sədrlik etdiyi nüfuzlu münsiflər heyəti qiymətləndirmişdir.
O.Muxtarov konsertin təşkilində göstərilən köməyə görə Sumqayıt şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir. O demişdir ki, müsabiqənin qaliblərini Şamaxı, Qəbələ, Balakən və Şəkidə də intizarla gözləyirlər.