Gənc rəssam Abdurrəhman Səlimlinin fərdi sərgisi açılıb
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Vəcihə Səmədova adına sərgi salonunda “Rənglərdə danışan Abdurrəhman” adlı fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Mərkəzin “Təsviri sənət və dizayn” dərnəyinin üzvü Abdurrəhman Səlimlinin rəsm işləri nümayiş olunub. O, 2021-ci ildən dərnəkdə fəaliyyət göstərir.
Autizm spektrində olan gənc rəssam indiyədək yerli və beynəlxalq rəsm müsabiqə və sərgilərində iştirak edib. Abdurrəhman Səlimli Yaponiya, Belarus, Qazaxıstan və digər ölkələrdə təşkil olunan beynəlxalq müsabiqələrdə müxtəlif mükafatlara layiq görülüb. O, Azərbaycanda keçirilən bir sıra sərgilərin də qalibi və laureatıdır.
Abdurrəhman Səlimli, eyni zamanda, Mərkəzin “Çiçəyim” uşaq teatrının üzvüdür. O, müxtəlif tamaşalarda iştirak edib və uşaq teatrı festivalında I yerə layiq görülüb.
Sərginin açılışında rəssamlar və qonaqlar iştirak ediblər. Tədbirin bədii hissəsində mərkəzin kollektivləri çıxış ediblər.
Sərgi mayın 15-dək davam edəcək.