GƏNC TÜRK YAZARLARI ALMANAXLARININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
AYB və DGTYB-nin təşkilatçılığı ilə keçirilən tədbiri Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açaraq, Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətindən, türk yazıçılarının bir araya gəlməsində onun həyata keçirdiyi tədbirlərin əhəmiyyətli nəticələrindən danışmışdır. Bildirilmişdir ki, hazırda təqdim olunan almanaxlardakı yazılarla tanış olan hər kəs ayrı-ayrı ölkələrdə yaşayan türk ədəbi gəncliyinin yaradıcılıq mətbəxi barədə müəyyən təsəvvür əldə etmək imkanı qazanır. Bu, həm də gənc müəlliflərin bir-birinin yaradıcılığı ilə qarşılıqlı surətdə məlumatlanmasında mühüm rol oynayır.
DGTYB-in başqanı, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı Əkbər Qoşalı, AYB-in katibi Arif Əmrahoğlu, tənqidçi Rüstəm Kamal və başqaları Türk dünyası nasir və publisistlərinin, gənc elm adamlarının əsərlərinin toplandığı 6-cı, şairlərin şeirlərindən ibarət 7-ci almanaxda verilmiş əsərlər barədə fikirlərini bölüşmüş, qurumun fəaliyyətinin daha da genişləndirilməsinə, almanaxların əhatəsinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə dair təkliflərini söyləmişlər.
Əkbər Qoşalının, Nərgiz Cabbarlının, Rəsmiyyə Sabirin tərtib etdikləri almanaxlar Azərbaycan Yazıçılar Birliyinin və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə çap olunmuşdur.