Gəncə Dövlət Universitetində karyera imkanları ilə bağlı görüş keçirilib
Gəncə, 18 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin məsul əməkdaşları Gəncə Dövlət Universitetində karyera imkanları ilə bağlı tələbələrlə görüş keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə GDU rektorunun baş müşaviri Asif Cavadov gənclərə dövlət dəstəyindən, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində yaradılan imkanlardan danışıb.
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in İnsan resurslarının idarə edilməsi Departamentinin direktoru Rauf Abbasov çıxış edərək təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr haqqında geniş məlumat verib. Həmçinin işə qəbul prosesi və ödənişsiz təcrübə proqramı barədə də ətraflı danışılıb.
Sonda tələbələrin sualları cavablandırılıb.