GƏNCƏ ŞƏHƏR İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev qədim Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Görüşü Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar bölməsinin sədri Məmməd Alim açdı.
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ
GƏNCƏBASAR BÖLMƏSİNİN SƏDRİ
MƏMMƏD ALİMİN ÇIXIŞI
- Cənab Prezident!
Dahi Nizaminin vətəninə, xalqımızın tarixini yaşadan Gəncəyə xoş gəlmisiniz!
Gəncə ziyalıları, bütün şəhər əhalisi adından Sizi salamlamaq, ən xoş arzularımızı, minnətdarlığımızı bildirmək istəyirəm.
Əziz Prezidentimiz! Sizin ölkədaxili hər səfəriniz, Gəncəyə hər gəlişiniz regionların sosial-iqtisadi inkişafı proqramının uğurla həyata keçirilməsinin təsdiqidir. Bu, böyük Heydər Əliyev xəttinin məntiqi davamıdır.
Əziz Prezidentimiz! Mən Sizin Gəncə haqqında dediyiniz sözləri olduğu kimi xatırlayıram. Siz demişdiniz: “Gəncə inkişaf edir, müasirləşir. Amma eyni zamanda, öz qədim simasını saxlayır və belə də olmalıdır”. Siz əmin ola bilərsiniz, Gəncə - ulu öndərimiz Heydər Əliyevin böyük diqqət və qayğı göstərdiyi bu şəhər indi həm Heydər Əliyevin, həm də Sizin göstərdiyiniz yolla gedir. Hazırda Gəncədə tarixiliklə müasirlik, sözün əsil mənasında, bir-birini tamamlayır. Bu gün Gəncədə regional müalicə-diaqnostika mərkəzinin əsasının qoyulmasının özü Sizin təşəbbüsünüzdür, birbaşa Sizin təşəbbüsünüzlə həyata keçirilən bir mərasimdir. Respublikamızın hər yerində, eləcə də Gəncədə çoxlu hündürmərtəbəli binalar tikilmişdir. Əziz Prezidentimiz! Mən deyərdim ki, Siz bu gün mənaca, məzmunca çox mötəbər bir Azərbaycan qurursunuz.
Hörmətli Prezidentimiz! Gözəl türk şairi Orxan Vəlinin sözlərini xatırlayıram. O yazırdı ki, tarixin bəyənərək tanıdığı insanlar daim dönüş nöqtələrində olanlardır. Dahi Heydər Əliyev də Azərbaycan tarixinin, dünya tarixinin belə dönüş nöqtələrində olan bir şəxsiyyət idi. O, dünyada, cəmiyyətimizdə baş verən hadisələri lazımi məcraya yönəldirdi. Çox sağ olun ki, Siz Heydər Əliyev yolunu layiqincə davam etdirirsiniz. Mənim belə bir inamım var və gəncəlilər də bu cür düşünürlər ki, Azərbaycan tarixinin çox mühüm dönüş nöqtələrindən biri yəqin Sizin adınızla bağlı olacaq.
Hörmətli Prezidentimiz! Mən bilirəm ki, Siz şəhərin mərkəzindən keçib gəldiniz və ulu öndərimiz Heydər Əliyevin abidəsini ziyarət etdiniz. Heydər Əliyevin şəhərin baş meydanında ucalan abidəsi, mən deyərdim ki, bu gün bizim deyəcəklərimizdən daha çox söz deyir. Mən bütün gəncəlilərin, o cümlədən ziyalıların fikrini ifadə edərək respublikamızın, müstəqil dövlətimizin tərəqqisi naminə, bizim Gəncənin inkişafı üçün gördüyünüz çox böyük işlərə görə Sizə dərin minnətdarlığımızı bildirirəm.
Heydər Əliyevin ruhu şad olsun! Sizin də canınız sağ olsun!
Əziz Prezidentimiz! Bu gün Gəncəçayın sahilində, çox səfalı bir guşədə, ekoloji cəhətdən çox sevimli bir yerdə müalicə-diaqnostika mərkəzinin təməlini qoydunuz. Biz gəncəlilər Sizdən xahiş edirik, öz fikirlərinizi bizimlə bölüşəsiniz.
X X X
Prezident İlham Əliyev görüşdə nitq söylədi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfərini başa çatdırdıqdan sonra, oktyabrın 11-də Qazax rayonuna gəlmişdir.
Qazax şəhərində böyük hörmət və ehtiramla qarşılanan dövlətimizin başçısı burada müalicə-diaqnostika mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etdi. Mərasimdən sonra Prezident İlham Əliyevin Qazax rayonunun sakinləri ilə görüşü oldu. Görüşü rayon ağsaqqallar şurasının sədri Xanqulu Süleymanov açdı. Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra dövlətimizin başçısı Qazax şəhərindəki Heydər Əliyev parkı ilə tanış oldu, yeni tikilmiş körpünün təntənəli açılış mərasimində iştirak etdi. Azərbaycan Prezidenti mərasimdən sonra Qazax Olimpiya İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış oldu.
Qazağa səfərin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş zona müşavirəsi keçirildi. Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı. İcra hakimiyyətlərinin başçıları müşavirədə çıxış etdilər.
Prezident İlham Əliyev müşavirəyə yekun vurdu.