Gəncədə 78 nəfər “Vergi dostu” seçilmişdir
Gəncə, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Gəncə şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədi ilə Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının ümumtəhsil məktəblərinin müəllimlərinə “Vergi dostu” sertifikatı və kompyuterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə nazirlik tərəfindən həyata keçirilən layihələr, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və Konsepsiyada Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədi ilə qəbul olunmuş “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq prinsipinə əsaslanan keyfiyyətcə yeni əməkdaşlıq prinsiplərinin yaradılması, həmçinin əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, vergi ödəmə vərdişlərinin cəmiyyətdə normaya çevrilməsinə nail olunması bu konsepsiyanın əsas hədəflərindən biridir.
Ə.Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə ictimaiyyətin daha aktiv üzvü olan müəllimlərdən ibarət “Vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, indiyədək respublika üzrə 1252 nəfər müəllimə müvafiq təlim keçilmiş və “Vergi dostu” sertifikatı təqdim olunmuşdur.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək bildirmişdir ki, müasir vergi siyasətinin əsas istiqamətlərindən biri məcburi vergi yığımlarından könüllü vergi ödəmələrinə keçidi təmin etməkdir. Bu məqsədlə, vergi orqanları vergi ödəyiciləri arasında vergi mədəniyyətini yüksəltmək və bu sahədə təbliğat, məlumatlandırma və maarifləndirmə işini gücləndirir. Məqsəd vergi ödəyicilərinin istənilən vaxt, istənilən yerdən onlara lazım olan məlumatlara çıxışını təmin etməkdir. Hazırda Vergilər Nazirliyi mövcud məlumat mənbələrindən: 195 Çağrı Mərkəzi, taxes.gov.az vebsaytı, vergi ödəyicilərinə xidmət mərkəzləri (hazırda onların sayı 40-dır) və sosial mediadan geniş istifadə edir. Qeyd olunmuşdur ki, Vergilər Nazirliyi tərəfindən elektronlaşdırılması mümkün olan 57 xidmət növü müəyyənləşdirilmişdir və hazırda onlardan 51-i üzrə müvafiq proqramlar hazırlanaraq vergi ödəyicilərinin istifadəsinə verilmişdir.
Sonra təlimi müvəffəqiyyətlə başa vurmuş 78 nəfər “Vergi dostu”na üzvlük sertifikatı, “Vergi dostu”nun yaddaş kitabçası və kompyuterlər təqdim olunmuş, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalamışlar. Beləliklə, respublika üzrə “Vergi dost”larının ümumi sayı 1330 nəfərə çatmışdır.