GƏNCƏDƏ BEYNƏLXALQ ŞAHMAT FESTİVALI KEÇİRİLİR
Gəncə, 10 oktyabr (AZƏRTAC). Gəncədə uşaq ili çərçivəsində Gəncə Şahmat Məktəbinin 30 illik yubileyinə həsr olunmuş Beynəlxalq Uşaq Şahmat Festivalına start verilmişdir.
Azərbaycan Şahmat Federasiyasının və Gəncə Şəhər İxtisaslaşdırılmış Şahmat Məktəbinin birgə təşkil etdikləri tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, xatirəsini hörmətlə yad etmişlər.
Sonra Gəncə Olimpiya İdman Kompleksində festivalın təntənəli açılış mərasimi olmuşdur. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov, Respublika Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək Respublika Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idman sahəsində qazanılan uğurlardan, idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışmış və festival iştirakçılarına uğurlar arzulamışlar.
Şəhərin tanınmış incəsənət ustalarının çıxışlarından sonra yarışlara start verilmişdir.
Azərbaycanla yanaşı Böyük Britaniya, Rusiya, Türkiyə və Gürcüstan şahmatçılarının da qatıldıqları yarışlarda 16 yaşadək 100-dən artıq yeniyetmə şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarışlara oktyabrın 20-də yekun vurulacaqdır. Qaliblərə pul mükafatları, kubok, diplom və festivalın medalları təqdim olunacaqdır.
######
